Polad Mehdi: "Ermənistanın ölkəmizə qarşı şikayəti prosessual baxımdan qüsurludur”
Polad Mehdi: "Ermənistanın ölkəmizə qarşı şikayəti prosessual baxımdan qüsurludur”
Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən “Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə aprelin 15-dən 19-dək, eyni iddia əsasında “Azərbaycan Ermənistana qarşı” məhkəmə işi üzrə isə aprelin 22-dən 26-dək ictimai dinləmələr keçiriləcək.
Arbitrum Vəkil Bürosunun rəhbəri, hüquqşünas Polad Mehdi bildirib ki, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə bu Ermənistanın Azərbaycana qarşı sayca üçüncü şikayətidir: “Bu şikayətin predmetini “münaqişələr zamanı erməni əsgərlərə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı pis rəftar və ermənilərin özbaşına saxlanması” təşkil edir.
Polad Mehdi qeyd edib ki, Ermənistanın üçüncü şikayətinin bütün hissələri prosessual baxımdan qüsurludur: “Bu cür məsələlər “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyasına aid deyil. Digər tərəfdən bütün hərbi əsirlər, eləcə də, saxlanılanların əksəriyyəti Ermənistana geri qaytarılıb. Qalanları ya işgəncə vermək, qətl törətmək də daxil olmaqla ağır cinayətlər törətdiyinə görə, ya da hazırda müharibə cinayətlərinə, terrorçuluq və separatçılığa görə ittiham edildiyinə görə hələ də həbsdədir. Digər sözlə, onların həbsinin davam etməsinin irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur”.
Hüquqşünas onu da əlavə edib ki, Ermənistanın ermənilərin məcburi çıxarılması ilə bağlı ittihamlarının da irqi ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur: “Ermənistanın Azərbaycana qarşı qeyd edilən Konvensiya üzrə hazırki şikayəti tam əsassızdır. Əksinə, irqi ayrı-seçkilik ötən dövr ərzində Ermənistan tərəfindən azərbaycanlılara qarşı edilmişdir. Ötən dövr ərzində ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmişdir.Sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilərək sırf azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, zorakılığa məruz qalmış və məcburi şəkildə köçürülmüşdür”.
Www.soydas.az